Yoxdusa | Nüsrət Kəsəmənli

Göz yaşını axıtmağa dəyərmi ,
Sonunda bir güləcəyi yoxdusa .
Hər görüşə sevgi demə əzizim ,
Əgər onun gələcəyi yoxdusa .
Nüsrət Kəsəmənli

Sevgi yoxsa ürək quru qəfəsdi ,
Kor ümüdə nə qərəzi , nə qəsdi ?
Min yol geri çağırmağın əbəsdi
Əgər geri dönəcəyi yoxdusa .


Hər kül altda gizlənənə köz demə ,
Hər xatirə qırığına iz demə ,
Hər ürəkdən kövrək nəğmə gözləmə
Sarı simdə dinəcəyi yoxdusa .

Oda salsan buz bağlayıb donacaq ,
Əldən uçdu , yad budağa qonacaq ,
Könül versən nə qiymətə alacaq ?
Könül qədri biləcəyi yoxdusa .

Ucaltdığın kiçiləndə görərsən ,
Əriyərsən gözün görə - görə sən .
Süfrəsinə nə qoyacaq görəsən
Səndən tikə böləcəyi yoxdusa .

Demə mənə : nələr gəlir ağlıma ;
Vay onda ki qara səndən ağ uma .
Ürəksizə ürək verib ağlama ,
Bir gün sənsiz öləcəyi yoxdusa ...
 

1 şərh

ORIGINAL
Qeyd edim ki,ən sevdiyim şeirlərdən biridir.İnanıram ki,sizin də xoşnuza gələr…